“Azəriqaz”dan tender NARAZILIĞI – Cavabsız qalan SUALLAR-VİDEO
    • 6-09-2023, 15:15
    • 624

“Azəriqaz”dan tender NARAZILIĞI – Cavabsız qalan SUALLAR-VİDEO

Son zamanlar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı istər sosial şəbəkə istifadəçilərindən, istərsə də oxucularımızdan yetərincə şikayətlər alırıq. Bu şikayətlərin əsasında biz sözügedən quruma rəsmi sorğu göndərdik.

12 gündən sonra sonra “Azəriqaz”dan News24.az-a cavab gəldi. Əslində bu, cavabdan daha çox “Azəriqaz”ın "Əsasnaməsi"nin bir neçə cümləsini xatırlatdı... Digər maraqlı məqam isə, bəzi suallarımıza ümumiyyətlə cavab verilməməsidir. Beləliklə “Azəriqaz”a göndərdiyimiz sualları və sorğumuza verilən cavabları təqdim edirik:

-  2014-cü ildən 2022-ci ilin avqust ayına qədər Respublika üzrə bütün qazlaşma işlərinin layihələndirilmə işi “Global Services” MMC “Azəriqaz Layihə İnşaat” QSC və Az İnşaat Layihə QSC tərəfindən işlənilib. Fərdi evlərin qazlaşdırılması prosesində digər lisenziyası olan təşkilatlara süni qadağa qoyulub, həmin işlər adı çəkilən təşkilatlara verilib. Bu xəbər nədərəcədə doğrudur?”

- Şikayətçi bildirir ki, hazırda Azəriqaz İB-nin bəzi əməkdaşları tərəfindən yenə gecikdirmələr edilir. 5-6 təşkilat istisna olmaqla digər təşkilatların fərdi ev işçi layihələri Azəriqaz İB tərəfindən məqsədyönlü olaraq gec razılaşdırılır.

Maraqlıdır bu iki suala “Azəriqaz”dan heç bir cavab verilməyib. Yəqin ki, bununla da susmaq razılıq əlamətidir deyiminə əməl ediblər...

““Azəriqaz”ın elan etdiyi dövlət tenderlərinin müəyyən sayda seçilmiş təşkilatlara verildiyi deyilir. Dövlət tenderləri hansı təşkilatlara paylanılıb?”,- sualına isə belə cavab almışıq:

“2014-2021-ci illərdə Respublikanın kənd və qəsəbələri, yeni yaşayış massivlərinin  qazlaşdırılması işləri “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq dövlət sifarişi və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilmişdir. Qazlaşdırılma işlərinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq sahədə xüsusi icazəsi (lisenziyası), müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı olan poratçı təşkilatlar cəlb olunmuşdur. Podratçıların qanunvericiliyin tələblərinə uyğun olaraq müyyən edilməsi zamanı icra olunacaq qazlaşdırılma işlərinin həcmi və məkanı nəzərə alınır. Respublika ərazisində çoxlu sayda podrat təşkilatlar fəaliyyət göstərir. Təbiidir ki, dövlət sifariş ilə aparılan qazlaşdırılma işlərinə bütün təşkilatların cəlb olunması qeyri-mümkün olduğundan, satınalınan iş həcmlərinin icrasına kifayyət edən sayda podrat təşkilatlat cəlb olunmuşdur. Cəlb olunmuş podrat təşkilatlar barədə məlumatlar müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, 2021-ci ildən etibarən qazlaşdırılma işləri SOCAR “Azəriqaz” İB-nin strukturuna daxil olan Təmir-tikinti İdarəsi tərəfindən daxil imkanlar hesabına həyata keçirilir”. 

Dediyimiz kimi, söz xatirinə verilmiş bir quru, rəsmi cümlələrdən ibarət bir cavab. Amma bunula belə, özləri də istəmədən olsa tenderlərin əvvəlcədən seçilmiş “xüsusi” potratçılara verildiyini təsdiq ediblər.

- 2022 ci ilin  iyul-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbüsü ilə digər podratçı təşkilatların suni qadağası aradan qaldırılıb. Bu fakt süni qadağalar yaradılmasının sübutu sayıla bilər?   

- Dövlət sifarişindən fərqli olaraq fərdi qazlaşdırılma işləri vətəndaşların və digər subyektlərin öz sifarişi və vəsaiti hesabına həyata keçirilir. Qeyd olunan işləri Respublika ərazisində fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləri olan müxtəlif podrat təşkilatlar tərəfindən həyata keçirilir. Bu sahədə münasibətlər vətəndaş və ya digər subyektlə podratçı təşkilat arasında bağlanılan müqavilə ilə tənzimlənir. Sifarişçilər podratçıları özlərinin azad seçimi əsasında işə cəlb edirlər. Bu prosesə SOCAR “Azəriqaz” İB tərəfindən hər-hansı bir müdaxilə edilmir. Bu sahədə şəffaflığın təmin olunması və podratçı təşkilatların narahat edən məsələlərin həlli məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində, eyni zamanda SOCAR “Azəriqaz” İB-nin təşəbbüsü ilə Dövlət Xidmətinin iştirakı ilə podratçılarla görüşlər, müzakirələr keçirilmişdir. 

Fərdi sifarişlə qazlaşdırlma işləri aparılan zaman paylayıcı küçə qaz kəmərinin layihələndirilməsi və çəkilməsi üçün vətəndaş müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı təşkilatı seçir və onunla müqavilə bağlayır. İcra olunacaq layihələndirmə və tikinti işlərinin xərclər smetası vətəndaşla podratçı təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur. Vətəndaş fərdi qazlaşdırılma ilə əlaqədar müstəqil sahibkarlıq subyekti olan podratçının seçilməsində sərbəstdir. Təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasını həyata keçirən podratçı təşkilatlar barədə məlumatlarla SOCAR “Azəriqaz” İB-nin azeriqaz.az elektron səhifəsindəki “podratçı təşkilatlar/qazlaşma” bölməsində, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində,  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yerləşdirdiyi link üzərindən tanış olmaq olar. 

- İqtisadiyyat nazirliyinin rəsmiləri ilə birgə keçirlən iclasda Azəriqaz İstehsalat Birliyinin baş direktoru cənab  Ruslan Əliyev bu prosesin 5 günə reallaşacağına söz versə də deyilənə əməl olunmadığı iddia edilir.  “Azİnşaat Layihə” QSC "Hədəf" kimi şirkətlərin işləri 2-3 günə razılaşdırılır. Gecikdirmələr podratçi təşkilatlarla vətandaşlar arasında narzıçılığa yol açır. Digər şirkətlərin də müştəri itirməsi və layihələrdən kənar qalması ilə nəticələnir. Bunun bir açıqlaması varmı?

- “Məlumat üçün bildiririk ki, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması üçün fərdi evlərin qazlaşdırılması layihələrinin hazırlanması üçün texniki şərtlər SOCAR “Azəriqaz” İB tərəfindən yalnız “Asan kommunal” və “Asan Xidmət” Mərkəzləri vasitəsi ilə təqdim olunur. Texniki şərtlər əsasında hazırlanan layihə sənədləri podratçı təşkilatlar tərəfindən razılaşdırılmaq üçün SOCAR “Azəriqaz” İB-nə təqdim olunur. Layihə sənədləri razılaşdırılmamışdan öncə ekspertizadan keçirilir, layihə həllinin qaz təsərrüfatında texniki təhlükəsizlik və layihələndirmə standartlarına, texniki şərtlərə uyğunluğu yoxlanılır. Layihə sənədlərində uyğunsuzluqlar müəyyən olunduqda dəyişikliklərin aparılması üçün podratçı təşkilatlara geri qaytarılır. Uyğunsuzluq olmayan layihə sənədləri razılaşdırılaraq podratçı təşkilatlara təqdim olunur. Qaz təsərrüfatı obyektlərinin təhlükə potensiallı obyektlər siyahısına daxil olduğunu nəzərə alaraq layihə sənədlərinin razılaşdırma prosesində əsas meyyar layihə sənədlərinin normativ sənədlərinə uyğun olmasıdır. Bu prosesdə digər tələb və ya podratçılar arasında hər-hansı bir ayrı-seçkilik ola bilməz.  Son illər fərdi qazlaşdırılma işlərinin kəskin artması və SOCAR “Azəriqaz” İB-nə razılaşdırılma üçün təqdim olunan layihə sənədlərinin sayının artması layihə sənədlərinin razılaşdırma müddətinə müəyyən təsir etmişdir. Yaranmış qısa müddətli bəzi gecikmələrin digər səbəblərlə bağlanması reallığı əks etdirmir. Gecikmələrin qarşısının alınması üçün SOCAR “Azəriqaz” İB tərəfindən məqsədyönlü tədbirlər görülür. Xüsusilə qeyd edirik ki, SOCAR “Azəriqaz” İB-nin məqsədi və məramı  qanunvericiliyin və standartların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək,  təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan, səlahiyyətləri çərçivəsində sahibkarlıq subyektlərinin aidiyyəti sahədə fəaliyyətininin dəstəklənməsindən və onlara əlverişli şərait yaratmaqdan ibarətdir”.

Göründüyü kimi, cavablarda daha çox suallardan yayınmalara rast gəlinir. Suala konkret cavab vermək əvəzinə ümumi sözlərdən ibarət statistik məlumat qeyd edilib.

Bildiyimiz qədərilə, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru cənab  Ruslan Əliyev həm mətbuatla, həm də sosial şəbəkələrlə sıx təmasdadır. “Azəriqaz”la bağlı şikayətlərlə bu dəfə baş direktorun şəxsən maraqlanacağına ümidvarıq.

Ətraflı RTV-nin süjetində:

AYLİN