"50 manat ödəyin, kredit verək" adı ilə vətəndaşların pulu mənimsənildi : DİN-dən çağırış
Sosial
Son günlər Azərbaycanda fəaliyyət göstərən bir sıra Bank Olmayan Kredit Təşkilatları (BOKT) adı altında fəaliyyət göstərən platformalara müraciət edən vətəndaşlar ciddi risklərlə üzləşiblər. Xüsusilə “Birkilik.com” və “azpaykredit.com” kimi saytlardan kredit götürmək istəyən şəxslər müxtəlif dələduzluq hallarına məruz qaldıqlarını bildirirlər.
Məlumata görə, vətəndaşlar kredit üçün müraciət etdikdən sonra həmin platformaların əməkdaşları kimi təqdim olunan şəxslər tərəfindən onlara depozit ödənişi adı altında 50 manat göndərmələri tələb olunur. Lakin vətəndaş ödənişi etdikdən sonra hesabları bloklanır və ödənilən pul mənimsənilir, kredit isə təqdim olunmur.
Məsələ ilə bağlı danışan sosial media mütəxəsisi Elvin Həsənov News24.as-a bildirib ki, bu cür saytların işləmə məntiqi adətən eynidir, yəni vətəndaşa sizə kredit verəcəyik deyib ümidləndirirlər, sonra da “xidmət haqqı”, “sığorta pulu”, “komissiya”, “aktivləşdirmə”, “yoxlama ödənişi” kimi adlarla vətəndaşdan əvvəlcədən pul istəyirlər:
"Ən kritik məqam da budur, vətəndaş pulu göndərən kimi proses ya dayanır, ya da “bir addım qalıb” deyə yenidən pul tələb etməyə başlayırlar. Sonda isə nə kredit olur, nə də pul geri qayıdır. Əslində isə məqsəd kredit vermək deyil, pul toplamaqdır. Belə platformalar çox vaxt özlərini rəsmi maliyyə qurumu kimi göstərməyə çalışırlar. Dizayn bank saytına bənzədilir, etibarlı, təcili, zaminsiz kimi cəlbedici sözlərdən istifadə olunur. Amma diqqətlə baxanda adətən ciddi boşluqlar görünür. Belə ki, real ofis ünvanı və sabit əlaqə kanalları ya yoxdur, ya da şübhəlidir, şərtlər qeyri-aydındır, ən əsası isə öncədən ödəniş tələb olunur".
Elvin Həsənov bildirib ki, normal bank və ya lisenziyalı kredit təşkilatı kredit üçün sizdən əvvəlcədən pul istəmirlər:
"Bütün prosedur müqavilə, şəxsiyyət təsdiqi ilə və rəsmi kanallarla aparılır. Vətəndaşlar bilməlidirlər ki, real maliyyə qurumları yalnız rəsmi müqavilə əsasında, şəxsiyyət təsdiqi aparıldıqdan sonra və bütün şərtlər açıq şəkildə izah edilərək kredit ayırır. “Öncədən pul göndərin”, “bir addım qalıb”, “təcili ödəməsəniz şans yanacaq” kimi ifadələr isə psixoloji təzyiq vasitəsidir və dələduzluğun açıq əlamətidir".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli News24.az-a bildirib ki, internet resurslarında kredit adı altında yalan vədlər paylaşaraq vətəndaşları aldadıb onların maddi vəsaitlərini ələ keçirən səhifələr mövcuddur.
"Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən həmin səhifələri idarə edən şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir. Bir daha vətəndaşlara tövsiyə edirik ki, cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməsinlər, tanımadıqları şəxslərə etibar edib onlayn qaydada ödəniş etməsinlər və şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə müraciət etsinlər", - deyə o bildirib.