-
- 6-09-2023, 17:54
- 333
"Prezidentin bu fərmanı hərbi çağırışda xoşagəlməz halların qarşısını alacaq"
Prezident İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Dəyişikliyə əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Mövzu ilə bağlı News24.az-a danışan deputat Elman Məmmədov bildirib ki, ölkə başçısının müvafiq fərmanı hərbi çağırışda yaşanan xoşagəlməz halların qarşısını alacaq.
“Çağırışçıların tibbi müayinəsi çağırış məntəqələrində müvafiq həkim komissiyaları tərəfindən aparılırdı. Məqsəd ordu sıralarını sağlam əsgər qüvvələri ilə təmin etməkdir. Orada digər seçim istiqamətləri də nəzərdə tutulur. Nazirliyin nəzdində fəaliyyət göstərən bir komissiyanın profili daha geniş xidmətləri əhatə edəcək. Xüsusilə çağırışçının sağlamlıq baxımından yararlılıq məsələlərinə diqqət ediləcək, təlimatlarla daha da dəqiqləşdiriləcək. Çağırışçının hərbi xidmətdən azad olunub-olunmaması məsələsi bundan sonra tam ixtisaslaşdırılmış şəkildə həyata keçiriləcək. Bu, neqativ halların aradan qaldırılmasına xidmət edəcək. Baxırsan elə şəxslər var ki, kiçik sağlamlıq problemi olsa da hərbi xidmətə yararlıdır. Bu məsələlər şəffaflıqla həkim komissiyaları tərəfindən uyğunlaşdırılacaq”.
Deputatın hesab edir ki, dəyişikliyin səbəblərindən biri də, hərbi çağırışa və xidmətə yararlı insanlarımızın xidmət çəkməsinin təmin edilməsidir. “Bəzən görürsən ki, çağırış komisiyalarında olan həkimlərin diqqətsizliyi yaxud başqa səbəblərindən dolayı hərbi xidmətə hətta döyüş bölgəsinə sağlamlığında ciddi problemlər olan gənclərimiz göndərilir. Ölkə başçısının müvafiq fərmanı ilə bu kimi halların da qarşısı alınacaq”.
Ayşən Rəhim