Ölkənin bəzi çaylarından sel keçib - FAKTİKİ HAVA
    • 7-09-2023, 12:06
    • 346

Ölkənin bəzi çaylarından sel keçib - FAKTİKİ HAVA

Ölkənin bəzi çaylarından sel keçib, Zaqatalaya 25 mm-lik dolu düşüb.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, sentyabrın 7-nə olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 62 (aylıq normanın 79%-i), Qaxda 33 (aylıq normanın 28%-i), Zaqatalada 25 (aylıq normanın 30%-i), Oğuzda 18 (aylıq normanın 24%-i), İsmayıllıda 15, Şamaxı, Xaltan, Şahdağ, Şəki, Balakən, Quba, Xaçmaz, Xınalıq, Altıağacda 6, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 mm olan dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Şəki rayonu ərazisindən keçən Damarçınçay, Şinçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay, Vəndamçay, Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay, İsmayıllı rayonu ərazisindən keçən Girdimançay, Göyçay, Oğuz rayonu ərazisindən keçən Əyriçay və Türyançay çaylarından sel keçib.