Dövlət imkanı olmayan şəxslərə biznes qurmaq üçün yardım edəcək
    • 13-03-2019, 11:33
    • 1 149

Dövlət imkanı olmayan şəxslərə biznes qurmaq üçün yardım edəcək

2019-cu il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.Az-a məlumat verilib. Verilən məlumata görə, ilk təlim mərhələsində 1000-dən çox şəxs iştirak edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır. Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək. Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək. Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.