“Yenidən hücumlar baş verə bilər” - “Facebook”, “Instagram”, “WhatsApp”a  RƏSMİ
    • 14-03-2019, 10:50
    • 1 172

“Yenidən hücumlar baş verə bilər” - “Facebook”, “Instagram”, “WhatsApp”a RƏSMİ

Dünən axşam saatlarından etibarən qlobal sosial media resurslarında “Facebook”, “Instagram”, “WhatsApp”a girişdə müəyyən problemlər yaranıb. İstifadəçilər paylaşım və girişlə bağlı ciddi problemlər yaşayıb. Hətta bir çox istifadəçilərin çoxu şəxsi profillərinə belə girə bilməyib. News24.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür hücumların yenidən baş verməsi istisna olunmur: “Dünəndən qlobal resurslara qarşı müəyyən hücumlar təşkil olunub. Bu zaman müəyyən proqram təminatlarından istifadə edilib. Bu, resurların fəaliyyətini əngəlləmək üçün təşkil olunan hücumlardır. Hazırda resurs sahibləri və texniki heyət bunu aradan qaldıraraq sistemi bərpa ediblər. Bu hücumlar zaman-zaman təkrarlanır. Bir müddət öncə də bu baş vermişdi. Amma bu dəfə ki, hücum bir qədər uzun çəkdi. Təkcə Azərbaycan yox, bir çox regionlarda müşahidə olundu. Səbəb isə bu cür qlobal resursların müxtəlif yerlərdə servirlərinin olmasıdır. Bu, qlobal resurlara olan hücumdan dolayı baş verən texniki problemlərdir. Azərbaycanla yanaşı, Amerikanın müəyyən hissəsində, Şimali Amerikada, Avropanın bəzi yerlərində bu hücumlar olub”. Osman Gündüz qeyd edib ki, hücumlar və təhlükə hər zaman ola bilər: “Yenidən hücumlar baş verə bilər. Çünki dünyada yüz faiz qorunma anlayışı yoxdur. Belə məqamlarda təşvişə düşmək olmaz. Belə şeylər qaçılmazdır. Bir qədər ehtiyatlı olmaq lazımdır”. 
Qeyd edək ki, “Facebook”, “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələrdə yaşanan texniki problemlə bağlı rəsmi açıqlama verilib. Hər üç şəbəkənin daxil olduğu “Facebook" şirkətinin mühəndisləri problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildiriblər. Şirkətdən verilən açıqlamada problemin haker hücumu ilə əlaqəli olmadığı da vurğulanıb. 
Sevinc YASİNQIZI