Təyyarə yerə məcburi eniş etdi
    • 12-09-2023, 11:07
    • 163

Təyyarə yerə məcburi eniş etdi

Soçidən Omska uçan Ural Hava Yollarına məxsus təyyarə əkin sahəsinə məcburi eniş edib.

News24.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib.

“Soçi-Omsk marşrutu üzrə U6-1383 reysini yerinə yetirən Airbus A320 təyyarəsi aerodrom xaricində məcburi eniş edib. Eniş yaxşı keçib və ekipaj dərhal sərnişinləri təxliyə edib. Təyyarədə 161 sərnişin olub, xəsarət alan olmayıb”, - Ural Hava Yollarının mətbuat xidmətindən bildirilib.

Hadisə yerində operativ qərargah təşkil edilib, yardımın təşkili üçün Federal Hava Nəqliyyatı Agentliyinin xilasediciləri ilə birlikdə An-26 axtarış-xilasetmə təyyarəsi Omskdan uçub. İnsanların Novosibirska daşınmasını təşkil etmək üçün Kamenka ərazisinə də avtobuslar göndərilib.

“Bütün sərnişinlər ən yaxın kənddə yerləşdirilib. İlkin məlumatlara görə, heç kim tibbi yardıma müraciət etməyib”, - Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib.

Qərbi Sibir Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasının auditini təşkil edib. Rusiya İstintaq Komitəsi hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

Fövqəladə Hallar Nazirliyinin yenilənmiş məlumatına görə, Airbus A320-nin göyərtəsində 6 ekipaj üzvü və 23 uşaq olmaqla 167 nəfər olub.

Aydan