-
- 13-09-2023, 18:10
- 172
"Overçukun fikirləri Rusiyanın narahatlığını göstərir"
“Overçukun açıqlaması göstərir ki, Rusiya regionda yaranmış vəziyyətdən narahatdır”.
News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında siyasi ekspert İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan normallaşma ilə bağlı bütün müsbət trendləri əngəlləmək istəyir.
İ. Vəlizadə deyib ki, Ermənistan regional kommunikasiyaların açılmasına maraq göstərməsə, alternativ variantlar nəzərdən keçiriləcək.
“Ermənistan regionda gedən proseslərə konstruktiv yanaşmır, bütün müsbət trendləri əngəlləmək istəyir. Bu trendlər həm sülh müqaviləsi, həm də delimitasiya və demarkasiya ilə bağlı olan danışıqlardır. Bu ritorika fonunda Zəngəzur dəhlizinin reallaşma konsepsiyası müəyyən dərəcədə kölgə altına düşüb. Belə olan halda Azərbaycan İranla, həm də digər ölkələrlə həm avtomobil, həm də dəmir yollarının tikilməsi ilə bağlı işlərinə dinamika vermək üçün danışıqlara başlayıb. Buna çox meyl göstərən İran tərəfidir. İran tərəfi çalışır ki, bu rabitə xətləri məhz onun ərazisindən keçsin. Bu da ki, Zəngəzur dəhlizinə alternativ kommunikasiya sayıla bilər. Əlbəttə ki, bu proses Rusiyanı narahat etməyə bilməz. Overçukun açıqlaması da göstərir ki, Rusiya tərəfi yaranmış vəziyyətdən narahatdır. Moskva da çox gözəl anlayır ki, layihənin Ermənistan tərəfdən keçən hissəsi son nəticədə digər ölkələrə, xüsusilə də İrana üstünlük gətirə bilər. Rusiyanın narahatlıqları anlaşılandır. Sadəcə olaraq Ermənistan tərəfi prosesi ləngidir və düşünür ki, beləliklə vaxt udur. Hesab edir ki, indiki şəraitdə Rusiya ilə müəyyən siyasi alver apara bilər. Biz bu cür planların ardınca gedə bilmərik və öz proqramımız çərçivəsində fəaliyyət göstəririk. Bizim üçün əsas odur ki, kommunikasiyalar işləsin, Naxçıvanın digər ərazilərimizlə əlaqəsi bərpa olunsun. Ermənistan bunu etmək istəmirsə onda biz həmin rabitəni İran üzərindən quracağıq ki, onda da mənfəət Ermənistanın əlindən çıxacaq. Burada təkcə Ermənistanın yox, Rusiyanın da maraqları var. Yaranmış vəziyyətdə Azərbaycanın başqa çıxış yolu qalmır”.
Fərid Azəri