-
- 14-09-2023, 18:51
- 504
Bu il ərzağa 20 milyard manat XƏRCLƏNİB
Azərbaycanda əhali 8 ayda ərzağa 20 milyard, qeyri-ərzaq məhsullarına isə 15.5 milyard manat xərcləyib. Ümumilikdə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,5 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirinin yarısından çoxu ərzağa xərclənir...
Maraqlıdır, bu nəyin göstəricisidir; bahalaşmanın, yoxsa istehlakın artmasının?
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, ümumiyyətlə, Azərbaycanda ərzaq məhsullarının istehlakı xüsusi paya malikdir və bu tendensiya 2023-cü ilin geridə qalan aylarında da müşahidə edilməkdədir.
"Bu bir tərəfdən təbii ki, istehlak bazarında ərzaq məhsullarının qiymətlərinin digər məhsullarla müqayisədə daha çox artması ilə bağlıdır. Belə ki, biz ərzaq məhsullarının qiymətlərində, xüsusən də idxal olunan məhsullarda artımları müşahidə edirik. Bu da təbii ki, nəticədə istehlaka təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsullarının qiyməti digər məhsullarla müqayisədə daha çox artıb. Nəzərə alsaq ki, ümumi rəsmi statistikaya görə infilyasiya səviyyəsi 11,7 faizdir, amma ərzaq məhsullarında 13,4 faizdir. Bu ondan xəbər verir ki,ərzaq məhsulları digər məhsullarla müqayisədə qiymətlərində daha çox artımlar var. Xüsusən də inflyasiyanın tənzimlənməsi ilə bağlı tədbirlərin genişləndirilməsi növbəti dövrlərdə ərzaq məhsullarının xərcinin müəyyən qədər azalmasına gətirib çıxara bilər"
İqtisadçı-ekspert Eldəniz Əmirov isə mövzu barədə danışarkən qeyd etdi ki, pərakəndə ticarət dövriyyəsini formalaşdıran həm ərzaq, həm qeyri-ərzaq xidməti, digər sahələrdə çox amillər rol oynayır və bu, tələb, təklif məsələsidir.
"Eyni zamanda da əhali gəlirlərinin azalması və yaxud da artması pərakəndə ticarətə də öz təsirini göstərir. Burada bilavasitə əsas faktor inflyasiyadır. İkinci faktor isə tələbin artmasıdır. Təbii ki, insanların artımının da burda təsiri var. İnsan artımı olmasa belə, şəxsin özünün də tələbləri artır. Misal üçün insanlar öz həyatlarını yaxşılaşdırmaq üçün, daha yaxşı, daha bahalı məhsullardan istifadə edirlər. Tələb artdıqca, xərclənən vəsaitin də miqdarı artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, rəsmi gəlirlər rəsmi statistikanı üstələyir. O zaman xərclərin artmasında iki səbəb qalır: Biri tələbin artması, iki inflyasiya".
Aydan