-
- 15-09-2023, 14:39
- 624
Rusiya-Ukrayna müharibəsinin Azərbaycana vurduğu 1 milyard 327 milyon manat ZİYAN...
Azərbaycana xaricdən pul köçürmələrinin həcmində kəskin şəkildə azalmalar müşahidə olunur.
Mərkəzi Bankın statistikasına görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil edib. Bəs bunun səbəbi nədir?
Mövu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycana ən çox köçürmələrin olduğu ölkə Rusiyadır. Onun sözlərinə görə, sözügedən ölkənin iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu vəziyyətə təsir edir.
“Tarixən müstəqllikdən bu yana Azərbaycana hər zaman ən çox pul köçürülən ölkə Rusiya olub. Hətta pik nöqtələr 2010-2012-ci illər arası 3.5, 4 milyard dollar dəyərində müşahidə edilirdi. Köçürmələr tədricən azalırdı. Hazırda isə çox kiçik rəqəmlərlə ifadə olunur. Keçən ilə nisbətən bu il ciddi şəkildə azalmalar var. Rus rublunun dəyərdən düşməsi, dollar qarşısında dəyər itirməsi, ucuzaşmasım orada çalışan soydaşlarımızın gəlirlərinə mənfi təsir göstərir. Məsələ 50-60 rubl 1 dollar olanda, onlar qazanclarını daha çox valyutaya çevirib öz ailələrinə göndərə bilirdilər. İndi isə bu, kəskin şəkildə azalıb”, - o deyib.
İqtisadçı qeyd edib ki, ölkəmizə pul köçürmələrinin azalmasının uzun müddət davam edəcəyi ehtimalı yüksəkdir.
“Çünki Rusiya iqtisadiyyatında sistemli problemlər hələ yeni başlayır. Sözsüz ki, bunun birbaşa olmasa da iqtisadiyyata dolayı təsirləri var. Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir.
Rayonlarımızda əhalinin böyük bir qismi öz sosial riahını məhz Rusiyadan göndərilən vəsaitlər hesabına düzəldə bilirdilər. Problemləri bununla həll etməyə öyrəşmişdilər. Uzun illərdir Rusiyadan gələn vəsait əksər rayonlarda mühüm rol oynayırdı. Vəziyyətin dəyişməsi, vəsaitin azalması həmin ailələrin sosial rifahına mənfi təsir göstərir. Eyni zamanda Azərbaycanın daşınmaz əmlak bazarında Rusiyadan göndərilən pullar önəmli rol oynayırdı belə olduğu təqdirdə bu sahəyə də təsirsiz ötüşmür”.
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, pul köçürmələrinin həcminin azalması qorxulu deyil.
“2021-ci ilin göstəricilərinə baxsaq görərik ki, həmin il də 2022-ci ildən az olub. Bu il isə xüsusilə Ukrayna münaqişəsi səbəbindən iqtisadi şoklar, təlatümlər nisbətən səngidiyindən Rusiyadan ölkəmizə göndərilən vəsaitlərdə azalma müşahidə edilir. Digər tərəfdən isə dünyada başı verən iqtisadi daralma iqtisadi aktivliyə ciddi şəkildə təsir göstərir.
Bu prosesin Azərbaycan iqtisadiyyatına hər hansı bir ciddi təsir yaradacağını düşünmürəm. Ola bilsin ki, ilin sonuna qədər rəqəmlərdə dəyişiklik baş versin. Ölkə iqtisadiyyatı xaricdən gələn pullardan asılı deyil. Bu səbəbdən də azalma fəsadlara səbəb olmayacaq".
Ayşən Rəhim