Ərzaq məhsullarının qiyməti 2.1% artıb – RƏSMİ AÇIQLAMA
    • 15-03-2019, 11:47
    • 1 172

Ərzaq məhsullarının qiyməti 2.1% artıb – RƏSMİ AÇIQLAMA

Azərbaycanda cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib.

Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşüb.

Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən, son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalıb, xidmət sektorunda isə artıb. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmayıb.

Nigar MƏMMƏDLİ