Bu məktəbin niyə 10 və 11-ci sinifi yoxdur? - VİDEO
Hadisə
Yerdəyişmə etmək istəyən valideyn 5 aydır övladlarına Masazır kənd 6 nömrəli tam orta məktəbində yer tapa bilmir.
Bu barədə şikayətçi Vüqar Ələkbərov özü News24.az-a məlumat verdi.
Şikayətçi bildirdi ki, aprel ayında onlayn müraciət etməsinə baxmayaraq, hələ də yerdəyişmə prosesi həyata keçirilə bilmir:
"Övladlarım hazırda Masazırda yerləşən Əliyar Əliyev adına Qubadlı-Qəzyan tam orta məktəbində təhsil alır. Aprel ayında yerdəyişmə üçün müraciət etdim. 11-ci sinifdə təhsil alan övladımı qeydiyyata alıb, dedilər ki, gözləmədədir. 8-ci sinifdə təhsil alan uşaq üçün isə yer olmadığını, sistemin dolu olduğunu dedilər. May ayının sonunda öyrəndim ki, Masazırda yerləşən 5 nömrəli məktəbdə ərizə ilə qeydiyyata alırlar. Gedib müraciət etdim. Sonradan öyrəndim ki, orada da ərizəmi qeydiyyata almayıblar.
Bizə 11-ci sinifdə təhsil alacaq övladımın gözləmədə olduğunu desələr də, avqust ayında öyrəndik ki, həmin məktəbdə heç 10-11-ci siniflər də yoxdur. İndi isə bilmişəm ki, həmin məktəbə başqa uşaqların yerdəyişməsi həyata keçirilib. Əgər sistem hamı üçün doludursa, digər uşaqlar necə qeydiyyata düşür?"
İddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, məsələ araşdırılacaq.
Qumral Əliyeva