Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib
    • 24-09-2023, 17:29
    • 129

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib

Xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

News24.az “Report”a istinadən xəbər verir ki, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş “Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.

Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.