Bakıda məktəbdə narkotiki təbliğ edənlər tutuldu
    • 25-09-2023, 17:06
    • 452

Bakıda məktəbdə narkotiki təbliğ edənlər tutuldu

Bakıda binaların və məktəbin divarlarına narkotik satışını təbliğ edən şüarlar yazmış 3 nəfər həbs edilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu H.Seyidzadə küçəsində yaşayan şəxs yaşadığı binanın dəhlizlərinə və yaxınlıqdakı 9 saylı orta məktəbin divarlarına narkotikləri təbliğ edən yazı və şüarların yazılması ilə bağlı polisə məlumat verib.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər “СК.МЕФ”, “ГИКС CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin və psixotrop maddələrin satışının təbliği ilə məşğuldur. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin üç nəfər şəxsin yeri müəyyən edilib və onlar saxlanılıb.

Qaçmaq istəsələr də, polisin çevikliyi nəticəsində yaxalanıblar. Onlar törətdikləri əməli etiraf edərək binaların və məktəblərin divarlarına yazmış olduqları yazıların “teleqram” sosial tətbiqi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin “onlayn” yolla əldə olunması və eyni zamanda pul müqabilində “kuryerlik” xidmətini təklif ediblər. Bununla da onlar gün ərzində 150 belə yazı yazmaqla 75 manat pul əldə edərək üç nəfər arasında bölüblər.

Faktı DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiq ediblər. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sosial şəbəkələrdə paylaşılmış bir qrup şəxs tərəfindən narkotiklərin təbliği məqsədilə divarlara şüarların yazılmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb: “Keçirilən tədbirlərlə əməli törədən Rəşad Quliyev, Rauf Əlimuxtarov və Məhəmmədəli Məmmədli müəyyən olunaraq saxlanılıblar. Görüntülərdə divara şüarlar yazan R.Quliyev internet üzərindən müəyyən məbləğ qarşılığında bu işin ona təklif edildiyini bildirib.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və hər biri inzibati qaydada 30 sutka həbs edilib”.