"Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir"
    • 26-09-2023, 10:43
    • 220

"Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir"

"Türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrimizdəndir".

News24.az-ın xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda deyib.

"Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Ticarət təkcə hər hansı bir dəyər müqabilində məhsul mübadiləsi demək deyil, ticarət, həmçinin, mədəniyyətlərin, milli ənənələrin, ən yaxşı təcrübə və texnologiyaların mübadiləsi deməkdir. Bizim siz – iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq, ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir", - deyə o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, 2009-cu ildə Naxçıvanda təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın və digər üzv dövlətlərin daha güclü əməkdaşlıq formatı yaratmaq üzrə qarşısına qoyduğu məqsəd və hədəflərə uyğun olaraq, dünyanın nüfuzlu beynəlxalq təşkilatları sırasında yer alan Türk Dövlətləri Təşkilatına çevrilib: "Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətləri qismində səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, ədliyyə və digər humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".

Nazir ölkəmizdə aqrar sahədə aparılan son islahatlar və gələcək hədəflər haqqında da qısa məlumat verib: "Az resursla daha çox istehsal etmək, iqlimə uyğunlaşmış, yaşıl və rəqəmsal kənd təsərrüfatı yaratmaq, həmçinin ixrac məhsullarımızı və coğrafiyamızı şaxələndirmək aqrar sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərimizdəndir. Ölkəmizdə kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Bütün xarici biznes subyektləri bu imkanlardan bərabərhüquqlu şəkildə yararlana bilər".

Fərid Azəri