-
- 27-09-2023, 19:17
- 480
Bakıda elektrik avtobusu xəttə buraxıldı — Müsbət və mənfi cəhətləri
Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Elektrik avtobusu hələki test rejimində fəaliyyət göstərir. Şəhərin mövcud relyefinə uyğunluğu yoxlanılandan sonra nəticələrə əsasən elektrik mühərrikli avtobusların ictimai nəqliyyatda istifadəsi imkanları qiymətləndiriləcək.
Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında elektrik mühərrikli avtobuslardan istifadənin müsbət addım olduğunu deyib:
“Bu, ekoloji təmiz avtobuslardır. Havanı çirkləndirmir. Digər avtobuslardan fərqli olaraq gün ərzində yanacaqdoldurma məntəqələrinə girmə ehtimalı sıfıra bərabərdir. Günün sonunda nəqliyyat vasitəsi şarj edilir və səhər tezdən xəttə çıxır. Bu da kifayət edir, gün ərzində təqribən 500 km məsafə qət etmək mümkündür. Şəhərdə elektriklər avtomobillərini şarj etmək üçün bir neçə yerdə pulsuz məntəqələr var.
Düşünmürəm ki, avtobuslara da bu üsul tətbiq olunsun. Elektrik avtobusları depolarda şarj olunacaq.
Bu avtobusların qiyməti bir az bahadır. Yəqin ki, sınaq müddətindən sonra özünü doğruldar”.