Gömrükçülər sərhəddə 306 kiloqramdan artıq heroin aşkar edib - FOTO
    • 18-03-2019, 16:28
    • 557

Gömrükçülər sərhəddə 306 kiloqramdan artıq heroin aşkar edib - FOTO

Gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar edilib.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasının "Nader Morvarıd Astara" şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan" şirkətinə göndərilən "daş bloklar" yükü daşıyan "SCANIA" markalı "43A457-10/43A458-10", "VOLVO" markalı 75A237-10/75A238-10, "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.

Yoxlama zaman "SCANIA" markalı 43A457-10/43A458-10 və "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan "Daş bloklar" yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib.

İİR vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA" markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffa

f rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.

Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb.

Gömrük əməkdaşları bunun qarşısı almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttindəolan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.

Bundan sonra nəzarətdə olan İran islam Respublikasının digər vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklar "HEİMANN" markalı rentgen qurğusundan keçirilərək yoxlanılıb.

Yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.

Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroininümumi çəkisi 306 kq 710 qramdır. Qeyd edək ki, aşkar olunan 306 kq 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.