-
- 2-10-2023, 19:44
- 1 385
Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi - Azad Cəfərli bu nöqsanlara cavabdehdirmi?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə audit aparıb.
News24.az-ın məlumatına görə, bu barədə Hesablama Palatası məlumat yayıb.
Məlumatda bildirilir ki, aparılan auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsait əhatə olunub.
Məlum olub ki, sözügedən xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidəsinin 87,9 faizinin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 faizinin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 faizinin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib. Həmçinin, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiqi, o cümlədən bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.
Bununla yanaşı, xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməməklə yaranmış debitor borc bağlanmayıb. Habelə, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması gecikdiyinə görə isə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.
Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlər tikinti norma və qaydalarına uyğunluğu təmin edilmədən qəbul olunub.
Həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyənləşib.
Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.
Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.
Xidmətdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi zamanı hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
Hesablama Palatasının audit apardığı dövrlərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli olub. A. Cəfərlidən əvvəl bu vəzifəni hazırda həbsdə olan Zakir Sultanov tutub. Z. Sultanov xidmət rəhbəri kimi yol verdiyi nöqsanlar və külli miqdarda yeyintiyə görə həbs edilib. Bakı Ağır Cnayətlər Məhkəməsinin hökmü ilə Z. Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Onun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları üzərinə həbs qoyulub. Mədəniyyət Nazirliyi isə zərərçəkmiş kimi Z. Sultanova qarşı 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırmışdı. Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəsə də, bu günə qədər həbsdən azad edilməyib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilən Azad Cəfərli isə hazırda Kənd Tıəsıərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsində çalışır. Maraqlı və diqqətçəkən məqam budur ki, Hesablkama Palatasının audit apardığı dövrlər məhz Azad Cəfərlinin qurumun rəhbəri olduğu dövrü əhatə edir
Kənd Təsərrüfatı Nazilriyində aparat rəhbəri vəzifəsinə təyin edilən Azad Cəfərlinin vaxtilə rəhbərlik etdiyi qurumda yoxlama aparılan ciddi nöqsanların aşkarlanması və bu hesabatın Baş Prokurorluğa göndərilməsi, Hesablama Palatasının Baş Prokurorluqdan mənimsəmə faktlarını araşdırmağı xahiş etməsi A.Cəfərlinin hazırda çalışdığı Nazirlikdə narahatlıq doğura bilər.
Maraqlıdır, Azad Cəfərlini Zakir Sultanovun aqibəti gözləyir?
Bu suallara Baş Prokurorluqda başlanmış araşdırmaların nəticəsindən sonra cavab tapılacaq.
AYLİN