Güclü külək nəticəsində paytaxtda fəsadlar baş verib - AÇIQLAMA
    • 19-03-2019, 12:20
    • 1 028

Güclü külək nəticəsində paytaxtda fəsadlar baş verib - AÇIQLAMA

Dünəndən başlayan güclü külək nəticəsində paytaxt ərazilərində bu günə kimi 18-ə yaxın müxtəlif ünvanlarda fəsadlar baş verib. 

Bunu News24.az-a açıqlamasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, birliyin əməkdaşları fəsadlarla bağlı gücləndirilmiş iş rejimində çalışır: “Dünəndən bu günə kimi yalnız bir neçə ünvanda ağaclar aşıb. Digər ünvanlarda isə ağacların budaqları qırılıb. Hazırda işçilərimiz ərazilərdə gücləndirilmiş iş rejimində çalışırlar. Aşan ağacların götürülməsi, küləyin təsirindən əyilərək qəzalı vəziyyətə düşmüş ağacların qeydiyyatı və problemlərin aradan qaldırılması işləri görülür. Bu proses külək dayanana kimi davam edəcək”.

Orxan Məmmədov qeyd edib ki, küləyin təsiri nəticəsində ən ciddi fəsad Nərimanov rayonunda baş verib: “Rayon ərazisində sağlam normal inkişafda olan bir sərvi ağac iki maşının üzərinə düşüb. Hər iki maşın ciddi zərər görüb. Eyni zamanda, bizə aidiyyatı olmayan şəxsi həyətin içərisində aşan ağac dam örtüyünü zədələyib”.

Sevinc YASİNQIZI