-
- 6-10-2023, 18:22
- 679
Azərbaycan Avropanı qazla CƏZALANDIRACAQ? - Deputat AÇIQLADI
Avropa Parlamenti Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul edib. Sənəddə Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı da yer alıb. Azərbaycan Avropanın əsas qaz ixracatçısıdır. Bununla da Aİ Azərbaycana sanksiyalar tətbiq edəcəyi təqdirdə, idxaldan asılılığı azaltsa, cəza olaraq qazın qiyməti artırıla bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Avropaya ixrac edilən qazın qiyməti dünya bazarındakı qiymətə uyğun olaraq formalaşır:
"Azərbaycanla Avropa İttifaqı arasındakı enerji əməkdaşlığı davam edir. Azərbaycan elektrik enerjisini Avropa bazarına nəql etmək niyyətindədir. Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə təəssüf doğurur. Avropa parlamenti məsələlərə qərəzli, birtərəfli yanaşmaqda davam edir. Bu da təbii ki, bütün hallarda arzu olunan deyil. Bütün bunlara baxmayaraq, dü.ünürəm ki, Azərbaycan enerji əməkdaşlığını davam etdirəcək. Mavi qazın qiymətinə gəldikdə isə, bunu dünya bazarında strateji məhsul olduğuna görə birjalar müəyyənləşdirir. Bu həm də tələb və təklif əsasında müəyyənləşdiririlən qiymətdir. Ona görə də Azərbaycan mavi qazının Avropa bazarına nəql qiyməti birbaşa dünya bazarındakı qiymətə uyğun olaraq növbəti dövrlərdə də müəyyənləşməkdə davam edəcək".
Qumral Əliyeva