"İsrail-HƏMAS müharibəsi və Ermənistanda sinaqoqlara hücum" - ŞOK NÜANSLAR
    • 7-10-2023, 16:01
    • 732

"İsrail-HƏMAS müharibəsi və Ermənistanda sinaqoqlara hücum" - ŞOK NÜANSLAR

"HƏMAS və Fələstin İslami Cihad Təşkilatının İsrailə hücumu zamanı dəhşətli zorakılıq görüntüləri ilə böyük ictimai reaksiya alacaq. Beləliklə, bu təşkilatların beynəlxalq dəstəyi əhəmiyyətli dərəcədə azalacaq". 

Bunu News24.az-a açıqlamasında Türkiyənin MASA Strateji Araşdırmalar Dərnəyinin təsisçisi, strateq Atılqan Bayar deyib.

Ekspert hesab edir ki, İsrail HƏMAS və İslami Cihadı darmadağın etməklə yanaşı, bu qruplaşmaların arxasında duran əsas gücü də hədəfə alacaq:

“Bir və ya iki ölkə İsrailin hədəfində olacaq. Türkiyə və Azərbaycan üçün HƏMAS-ın hücumu tamamilə mənfidir. Çünki bu hücum həm Türkiyənin, həm də Azərbaycanın İsraillə həmrəy olduğu bir vaxta təsadüf etdi. HƏMAS və İslami Cihadın arxasında duran güc qlobal miqyasda Türkiyə və Azərbaycanın maraqlarına zidd addım atdı. Ermənistanda sinaqoqa hücum və bunun İsrailin Türkiyə və Azərbaycanla həmrəy olması ilə əsaslandırılması mühüm işarədir”.

A. Bayar qeyd edib ki, əsl mübarizə Qarabağdan başlayıb Türkiyəni çərçivəyə salıb İsrailə qədər uzanan ərazidədir: “Düşünürəm ki, Türkiyə və Azərbaycan HƏMAS və onun arxasında duran ölkə ilə daha çox məsafə saxlayacaq. Proses bölgədəki əsas qaynar nöqtələri hərəkətə keçirəcək və sərhəd dəyişikliklərinə gətirib çıxaracaq toqquşmalara səbəb olacaq”.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Ölkədə hərbi vəziyyət elan edilib. İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Baş nazir Benyamin Netanyahu hücumu İsrailə qarşı müharibə adlandırıb. Hücum nəticəsində çox sayda ölən və yaralananlar var.

Akqabay Mıradov