Rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib
    • 7-10-2023, 16:24
    • 281

Rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib

“Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır”.

News24.az xəbər verir ki, bunu Caliber.az-ın jurnalisti Orxan Amaşov Polşanın “TVP World” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib: “Lakin müxtəlif ölkələrdəki erməni diasporu bu prosesdə mühüm “rol” oynayıb”.

“Azərbaycan hesab edir ki, Qarabağın erməni əhalisini saxlamaq vacibdir, çünki Bakı onlara vətəndaşı kimi baxır. Başa düşürük ki, antiterror tədbirləri həyata keçirildikdən sonra bəzi insanlar dezinformasiya üzündən özlərini təhlükəsizlikdə hiss etməyib və oranı tərk etmək qərarına gəliblər", - o vurğulayıb.

O. Amaşov BMT missiyasının Xankəndiyə səfər etdiyini və heç kimin insanları Qarabağ bölgəsini tərk etməyə məcbur etmədiyini, mülki infrastruktura heç bir ziyan dəymədiyini təsdiqlədiyini xatırladıb: “Odur ki, insanlar geri qayıda və onlara təklif olunan reinteqrasiya proqramından yararlana bilərlər. Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün müraciət etməklə ölkənin digər vətəndaşları ilə eyni imtiyaz və hüquqlardan istifadə edə biləcəklər”.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra Bakı ilə İrəvanın uzun müddətdir ki, gözlənilən sülh sazişini imzalamaq imkanı var: “Çünki buna əsas maneə olan boz zona artıq mövcud deyil”.