-
- 10-10-2023, 15:18
- 474
Gənc qızları məhvə sürükləyən EVLİLİK
Evlənmək mentalitetimizdə o qədər önəmli və xüsusi yer tutur ki, sanki evlənməsən, bütün cəmiyyət səni qınayacaq...
Evlənməyən qızlara “evdə qalıb”, “alan yoxdur” deyimləri ilə psixoloji təsir edənlərin də sayı az deyil. Burada valideynlərin də rolu, əslində günahı böyükdür. Bir sıra valideynlər övladlarının təhsili barəsində düşünərkən, digərləri isə ərə vermək düşüncəsindədir. Heyif ki, bu düşüncələr gənc qızlarımızın fəlakəti olur.
"Bəzən də belə fikirlər formalaşır ki, ali təhsil almayan qızların tez evlənməsi normaldır. Axı, ata evində qalıb "neynəyəcəklər" ki?.. Və onların ailə qurduqdan sonra şiddət və yaxud təzyiqə məruz qalmalarına rəğmən susmaqları və dözməkləri normal qarşılanır. Bununla yanaşı maraqlıdır ki, cəmiyyətimizdə ali təhsilli qızların da tez evlənməsi birmənalı qarşılanmır".
Bu sözləri mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı News24.az-a danışarkən dedi.
Onun söxlərinə görə, cəmiyyətimizdə “ərə getmək” elə yüksək missiya kimi aşılanıb ki, ali təhsilli qızlarımız da istəməsələr belə evdə qalmaq qorxusundan məcburən evlənirlər:
"Ailədə valideynlər övladlarına o qədər təzyiq göstərirlər ki, sən ərə getməlisən, övlad dünyaya gətirməlisən. Hətta çox vaxt bu təzyiqlərə dözə bilməyən gənclər intihar etməyə belə cəhd göstərirlər.
Hər bir qadın sərbəst düşüncə ilə, sərbəst şəkildə öz həyatını idarə edə bilmir. Azad düşüncəli qadınların formalaşmasında valideynlərin təsiri çox böyükdür. Əlbəttə, burada təhsilin də rolu danılmazdır.
Şəxsiyyət baxımından formalaşan gənclər ailə qurmaq üçün sağlam düşüncəli insanlar seçməyə daha çox qadirdirlər.
Ərləri tərəfindən öldürülən xanımların sayı statistikaya əsasən günü-gündən artır. Yoldaşından əl çəkməyən, olduqca qısqanc ərlər gənc xanımların həyatını məhvə sürükləyirlər.”
"Buna görə övladlarını evliliyə məcbur edən valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır" - deyə, psixoloq fikirlərini sonda yekunlaşdırıb.
Ülkər ABDURAHMANLI