-
- 11-10-2023, 11:45
- 390
Avtomobil sahiblərindən rüşvət alan gömrükçü məhkəmə QARŞISINDA
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Şahin İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. O Azərbaycan vətəndaşı Sənan Əlişov adlı şəxsin Bakıya gətirdiyi 5 "Prius" və bir "Mercedes" markalı avtomobilləri alış qiymətindən aşağı qeydiyyata alaraq həmin avtomobillərin dövlət rüsumunu aşağı qiymətə hesablayıb. Ş. İsgəndərov bunun müqabilində avtomobil sahibindən külli miqdarda rüşvət alıb.
Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb
Şahin İskəndərova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Prosesdə şahid ifadələri elan olunub. Şahid ifadələrində Ş. İsgəndərovun həqiqətən də avtomobil sahiblərindən rüşvət alması təsdiqlənib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Vəkil bildirib ki, Ş. İsgəndərovun ata və anası ağır xəstəlikdən əziyyət çəkir və onlar təqsirləndirilən şəxsin himayəsindədir.
Proses noyabrın 3-də davam etdiriləcək.
Samir Əli