-
- 3-10-2023, 09:30
- 337
Tələbələrdən rüşvət alan dekana HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində tələbələrdən rüşvət almaqda təqsirləndirilən Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq dekanı, professor Famil Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Famil Nəsibova 4 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, sabiq dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, F.Nəsibovun rəhbərlik etdiyi “Baytarlıq” fakültəsinin bəzi tələbələrinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində ümumilikdə 5800 manat rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
F.Nəsibova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib. O, vəzifədən kənarlaşdırılaraq barəsində ev dustaqlığı seçilib.
Samir Əli