Xocalı qatili Xaçaturyan məhkəmədə AĞLADI - FOTOLAR / VİDEO
    • 13-10-2023, 10:49
    • 1 096

Xocalı qatili Xaçaturyan məhkəmədə AĞLADI - FOTOLAR / VİDEO

Yasamal rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

V. Xaçaturyan məhkəmə zalına gətirilərkən ağlayıb. 

Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxs tərcüməçi və vəkillə təmin edilib. 

V. Xaçatryanı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edir. Məhkəmə prosesində tərcüməçi Bakı Dövlət Universitetinin Ermənişünaslıq kafedrasının dossenti Tanrıverdi İsmayıl təyin edilib. 

İş üzrə Dövlət ittihamını Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov və Baş Prokurorluğun prokuroru Çövdət Mehrəliyev müdafiə edir. 

Prosesdə zərərçəkmiş qismində Xocalı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edib. 

Prosesdə hakim işin məhkəmə baxışına verilməsini təklif edib. 

Təqsirləndirilən şəxs və onun vəkili işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. 

Məhkəmə müşavirəyə yollanıb və iş məhkəmə baxışına verilib. 

Xatırladaq ki, iş üzrə Xocalı rayon İcra Hakimiyyəti və 59 nəfər  zərərçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçatryanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Samir Əli

Daha ətraflı RTV-də: