COP29-a gələn almaniyalı nazirin Bakıda “masaj” və “alış-veriş” keyfi…
    • Dünən, 21:56
    • 421

COP29-a gələn almaniyalı nazirin Bakıda “masaj” və “alış-veriş” keyfi…


COP29-da iştirak üçün Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok qəribə nüanslarla yadda qaldı. Berbok Bakıda qlobal iqlim problemlərindən bəhs etməli, həll yolları təklif etməli, COP29-un işinə töhfə verməli idi. Almaniya kimi inkişaf etmiş bir ölkənin xarici siyasətinə rəhbərlik edən şəxsdən gözlənilən bu idi. Axı Almaniya sənayesinin inkişafına görə dünyanın qabaqcıl ölkəsinə çevrilməsi ekologiyanın korlanması hesabına başa gəlib və Berlin qlobal iqlim problemlərinin həllinə həm maliyyə, həm də digər formalarda dəstək verməyə borcludur.

Berbokun Bakı səfəri isə tamamilə fərqli nüanslarla yadda qaldı.

Almaniyalı nazir Bakıya sanki qlobal iqlim probleminin müzakirə edilməsi üçün yox, turist kimi gəlmişdi. Onun Bakıda özünü “alış-verişə” həsr etməsi də bunun əyani nümunəsi idi. Başadüşüləndir, xanım nazir 17 illik həyat yoldaşından ayrılıb, görünür, Bakıda “şopinq”lə öz şəxsi problemindən uzaqlaşmaq istəyib. Lakin bu ona əsas vermir ki, Azərbaycana qarşı əsassız iddiaları səsləndirsin. Berbok Bakıya gəlişindən öncə İrəvana səfər etmişdi, halbuki, bu almaniyalı nazirin regional səfəri deyildi ki, hansısa “balans” yaratmaq üçün belə bir marşrut seçsin. O, BMT-nin tədbiri olan COP29-un keçirildiyi Bakıya səfər etmişdi, bu baxımdan, əvvəlcə Ermənistana getməsi anlaşılan deyil. Onun Bakıda Azərbaycanla bağlı erməni gündəliyinə uyğun olan iddialar səsləndirməsi göstərdi ki, Berbok İrəvana elə-belə getməyib.

Beləliklə, şəxsi problemlərindən qaynaqlanan aqressiyasına erməni maraqlarını da qarışdıran almaniyalı nazir Bakı səfərinin mahiyyətini bir kənara qoyaraq, “insan haqları” ilə bağlı qondarma iddialar üzərindən çıxışlar etdi. COP29 isə bir kənarda qaldı. Bu isə Almaniya kimi bir ölkəyə heç də başucalığı gətirmir. Almaniya inkişaf etmiş bir ölkə kimi qlobal iqlim problemlərinin həllinə töhfə verməlidi. Berbokun Bakıda “alış-veriş”lə məşğul olması və qaldığı oteldə “masa xidməti”ndən gen-bol yararlanması Almaniyanın iqlim problemlərinin həllində heç də maraqlı olmadığını göstərdi.

Demokrat.az