Təqaüd alanların sayında böyük artım var - Sahil Babayev
    • 14-10-2023, 13:32
    • 1 161

Təqaüd alanların sayında böyük artım var - Sahil Babayev

Ötən 20 il ərzində uğurlu sosial siyasətin nəticəsində yoxsulluq kəskin şəkildə azalıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu illər ərzində minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə artıb.

S. Babayev bildirib ki, şəhid ailələri və qazilərə diqqət və qayğısının nəticəsi kimi onlara verilən təqaüd 6 dəfə artırılıb. "Eyni zamanda, 124 min şəxsə müəyyən yardım göstərilib, 20 min şəxsin məşğulluğu, 458 nəfərin isə yüksək texnologiyalı protezlə təmin edilməsi həyata keçirilib”.

Nazir deyib ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib:

"Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb. Minimum pensiya 14 dəfə artırılaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb".