Suriyadan 10 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
    • 17-10-2023, 17:25
    • 226

Suriyadan 10 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 17-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş uşaqlardan 4 nəfəri hər iki valideynini itirdiyi məlumdur. Bu xüsusda, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə ərazisinə keçidinə nail olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Oktyabrın 17-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş ölkə vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlər görməyi davam etdiriləcək.