-
- 17-10-2023, 17:23
- 304
“Füzuli Şəhəri Günü” təntənəli şəkildə qeyd olundu - FOTO
Prezident İlham Əliyevin imzaladığı 2023-cü 31 iyul tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 Oktyabr Füzuli Şəhəri Günüdür.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Füzuli Şəhəri Günü” çərçivəsində geniş qala-konserti təqdim olunub. Tanınmış incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilərlə tanışlıq olub.
Daha sonra qonaqlar "Füzuli" guşəsinə baş çəkiblər. Burada Məhəmməd Füzulinin müxtəlif əsərləri əsasında hazırlanmış kompozisiyalar nümayiş olunub, şairin şeirləri səsləndirilib. Rəssam tərəfindən dahi şairin portreti yaradılıb.
Tədbir məkanında "100 tar" adlı kompozisiya təqdim olunub. Ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfər tarzənin ifası maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları və qonaqlar Azərbaycan milli mətbəx nümunələrini dadıblar.