-
- 19-10-2023, 13:22
- 273
Milli Məclisdə Qənirə Paşayevanı kim əvəz edəcək?
Ötən ay 48 yaşında vəfat edən deputat Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. Deputatın dünyasını dəyişməsindən sonra onu bu vəzifədə kimin əvəz edəcəyi müzakirə mövzusudur.
News24.az xəbər verir ki, modern.az bununla bağlı Milli Məclisin daxili nizamnaməsini araşdırıb.
Parlamentin yeni çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanuna uyğun olaraq Milli Məclisin komitələri yaradılır. Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunur..
Milli Məclisin komitə sədri, onun müavini və üzvləri azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin tərkibinin seçilməsi isə Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin işlərinə rəhbərlik edir.
Hazırda da Milli Məclisin Mədəniyyət komitəsinin sədrinin müavini Fazil Mustafa sədrin səlahiyyətlərini icra edir.
Məlumat üçün bildirək ki, yeni komitə sədrinin seçilməsi ilə bağlı təkliflər deputatlar tərəfindən verilir və Milli Məclisin sədri tərəfindən təkliflər müzakirəyə çıxarılır. Hazırda isə yeni komitə sədrinin seçilməsi ilə bağlı deputatlardan hər hansı təklif irəli sürülməyib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsi mədəniyyət və mədəni sərvətlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri hazırlayır.