Bağlanan bankda əmanəti olan şəxslərin pullarının taleyi barədə AÇIQLAMA
    • 19-10-2023, 17:56
    • 305

Bağlanan bankda əmanəti olan şəxslərin pullarının taleyi barədə AÇIQLAMA

"Muğan Bank"ın lisenziyasının ləğv edilməsi təəccüb doğurmadı.

News24.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, bankın riskli kreditləşmə siyasəti və eyni zamanda korporativ idarəedilməsində böyük nöqsanların olması və digər səbəblər bankın gələcək fəaliyyətilə bağlı suallar doğururdu.

"Eyni zamanada nəzərə almaq lazımdır ki, bankın maliyyə bazarlarına münasibətdə payı da ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsinin təsirlərinin ortaya çıxacağını deməyə əsas vermir. Çünki müxtəlif indikatorlar üzrə 1-2% arasında payı var idi. Kredit portfelinin strukturuna baxanda 150 milyon manata yaxın istehlak, 280 milyon manat ətrafında isə biznes kreditləri var idi. Bu da 22-23 milyardlıq portfelə münasibətdə böyük göstərici deyil. Biznes üçün də böyük maliyyə mənbəyinin dayanması anlamına gəlmir. Bu baxımdan düşünürəm ki, bankın lisenziyasının ləğv edilməsi sektor üçün təhlükə yaratmayacaq".

R. Həsənov qeyd edib ki, kommukasiyadan düzgün istifadə edilərsə bankın bağlanmasının yan təsirləri müştərilərin, maliyyə bazarlarının iştirakçılarının davranışlarına təsirlərinin qarşısını almaq olar.

"Belə ki, məlumatlandırma və proses düzgün həyata keçirilərsə, problem olmayacaq. Bu baxımdan da böyük risk olacağını düşünmürəm. Bir neçə ay bundan əvvəl başqa bir bankın bağlanması zamanı da ciddi bir bank sektorunda ciddi bir güvənsizlik dalağası yaşanmadı. Belə hallarda ilk ciddi təhlükə müştəridən gələn gözlənilməz, idarəolunmaz davranış məsələsidir ki, bu risk yaradır və domino effekti ilə bütün maliyyə bazarı iştirakçılarının fəaliyyətinə təsir edərək maliyyə böhranı yaradır. İndiki halda aidiyyatı qurumlar buna imkan verməyəcək. Mümkün qədər prosesi idarə etmək üçün adekvat yollar var", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.