Bakıda avtobus ÇATIŞMAZLIĞI - Tıxacın səbəbi ilə bağlı maraqlı fakt
    • 20-10-2023, 16:39
    • 121

Bakıda avtobus ÇATIŞMAZLIĞI - Tıxacın səbəbi ilə bağlı maraqlı fakt

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Bu, tıxacla mübarizə üsullarından biridir. Yol infrastrukturu buna imkan verir. Bunun da müsbət effektini görməkdəyik.

News24.az xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O qeyd edib ki, bu gün Xırdalan, Masazır istiqamətindən gələn insanlar əvvəllər bir saata yaxın yollarda qalırdısa, indi on beş dəqiqəyə yolu qət edirlər.

"Daşıyıcı şirkətlər də bildirir ki, həmin istiqamətdə sərnişin sayı son zamanlar artıb. Lakin bəzi yerlərdə zolaqlar yolları iflic edir.

İnsanlar şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etsin. Harada çox sıxlıq varsa, orada avtobus zolağı çəkilməlidir ki, ictimai nəqliyyatdan istifadə rahat olsun.

Apardığımız təhlillərə əsasən deyə bilərik ki, bu gün ümumilikdə Bakı şəhərinə 2600 avtobus lazımdır. Lakin Bakı şəhərində gündəlik 2000 avtobus xəttə çıxır. 600 avtobusun çatışmaması yüz minlərlə sərnişin deməkdir. Bu səbəbdən də şəxsi avtomobillərdən və taksilərdən istifadə azalmır", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, daşıyıcı şirkətlərə pandemiya vaxtında çox ziyan dəydi.

"Belə ki, ictimai nəqliyyatdan istifadə edənlərin 40%-i şəxsi nəqliyyata və taksilərdən istifadə etməyə üstünlük verməyə başladılar. Bundan başqa, dövlət daşıyıcı şirkətlərə dotasiya verirdi. Hazırda isə o dotasiya verilmir və bu, şirkətlərə sərf etmir. Dövlət dəstəyi olmasa, avtobus sayının yenə də azalmasının şahidi olacağıq", - deyə o qeyd edib.