-
- 20-10-2023, 17:04
- 467
Səfərbərlik xidmətinin sabiq şöbə rəisi məhkəmə qarşısında
Bakı Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirlındirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Vəsatət təmin edilməyib və iş üzrə məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub
Əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, Rahim Ağayev daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Samir Əli