-
- 21-10-2023, 10:43
- 369
Azərbaycanda ödənişli yoldan İSTİFADƏ QAYDALARI - VİDEO
Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, sözügedən qaydalar aşağıdakılardır:
- ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat);
- ƏDV ilə birgə kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat);
- ƏDV ilə birgə avtobuslar üzrə 1 km üçün 7,8 qəpik (bütün yol üçün 10 manat);
- ƏDV ilə birgə qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
- Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlərlə nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib.
- Tarif Şurasının qərarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi beynəlxalq təcrübəyə uyğun olaraq, ödənişli avtomobil yolundan həftəlik, aylıq və illik istifadə tariflərinin müəyyənləşdirilməsi üçün təkliflərini təqdim edəcək.
- Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.
Həmin yoldan istifadə üzrə gediş tariflərin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 309 nömrəli Qərarı ilə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib.