"Hacı Mazan"a qarşı dələduzluq edən keçmiş klinika direktoru azadlığa buraxılıb
    • 27-03-2019, 13:46
    • 694

"Hacı Mazan"a qarşı dələduzluq edən keçmiş klinika direktoru azadlığa buraxılıb

Ali Məhkəmədə "Medi Sina” klinikasının keçmiş direktoru, dələduzluqda və mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

News24.az
“Report”-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Həşimovun kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, mülki iddiaçı ”Aygün-C” MMC-nin M.Həşimova qarşı mülki iddiasının təmin edilməsinə aid hissədə ləğv edilib. Həmçinin Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi üzrə icraata xitam verilib.
Qərarda bildirilib ki, təqsirləndirilən şəxs barəsində CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən 6 ilə endirilib. Həmin cəza CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. M.Həşimov dərhal cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
İttiham aktına əsasən, "Medi Sina” klinikasının direktoru M.Həşimov iş adamı, "Aygün-C" MMC-nin direktoru Ramazan Zeynalova (“Hacı Mazan“) qarşı 70 min manatlıq dələduzluq edib.
Bundan başqa, M.Həşimov 2012-2014-cü illərdə "Medi-Sina" MMC-nin direktoru vəzifəsində işləyərkən ümumilikdə, 193 min manat dəyərində tibbi avadanlıq və ləvazimatları 2014-cü ilin sentyabr ayında "Xırdalan Tibb Mərkəzi" MMC-nin məsul əməkdaşlarına və istintaqa məlum olmayan şəxslərə satıb, əldə etdiyi vəsaiti özünün şəxsi ehtiyaclarına sərf etməklə "Aygün-C" MMC-yə məxsus qeyd olunan külli miqdarda pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
“Hacı Mazan“ müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib.
Qeyd edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Həşimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.