-
- 23-10-2023, 13:25
- 310
Regionlarda ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ
İpoteka Kredit və Zəmanət Fondu (İKZF) regionlarda ailə xərclərinin hesablanması qaydasını dəyişməklə ipoteka kreditləşməsinə çıxışı asanlaşdırmağı planlaşdırır.
News24.az Day.Az-a istinadən xəbər verir ki, bunu İKZF-nin baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
Onun sözlərinə görə, regionlarda verilmiş ipoteka kreditlərin həcminin artırılması Fond üçün prioritet istiqamətdir:
"Bu istiqamətdə əhalinin ailə xərclərinin hesablanmasında, ipoteka kreditləşməsinə çıxışın asanlaşdırılması məqsədi ilə əgər Bakı şəhərində ailə xərclərinin hesablanması minimum əməkhaqqına bağlıdırsa, regionlarda bu göstərici 50% həcmində tətbiq edilir.
Belə olduqda, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu, daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir".
Hazırda regionlara verilən ipoteka krediti Fondun portfelinin 22%-ni təşkil edir", - deyə o qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında bildirmişdi ki, regionlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik edlməlidir ki, gənclər regionlarda ev ala bilsinlər.