Fransadan növbəti TƏXRİBAT - Ermənistanın
    • 23-10-2023, 18:07
    • 361

Fransadan növbəti TƏXRİBAT - Ermənistanın "təhlükəsizliyi" yoxsa Qafqaza YERLƏŞMƏ?

Fransanın Ermənistana silah satışı gündəmdədir. Fransa Silahlı Qüvvələrinin rəhbəri Sebastyan Lekornun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistana silah satışının rəsmiləşməsi üçün sənədlərin imzalanacağı deyilirdi. Fransa Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilib ki, tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Həmin silahlarla Ermənistanın “dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi” nəzərdə tutulur.

Məlum olub ki, müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək. Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir. Qərbi Azərbaycan İcması bəyanat yayaraq, Fransanın bununla Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik etdiyini bildirib.

Mövzu ilə bağlı News24.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransının bu istiqamətdə addımları vəziyyəti gərginləşdirməyə xidmət edir. 

“Parisin gərginlik yaratma səylərinə heç kimin şübhəsi yoxdur. İstənilən halda bölgəyə gətirilən silah vəziyyəti gərginləşdirməyə xidmət edir. Fransanın bu addımı da sözügedən məsələnin tərkib hissəsidir. Paris Azərbaycanın bu və ya digər məsələlərlə bağlı sərgilədiyi mövqe fonunda Ermənistanla müəyyən razılaşmalara gedir. Təbii ki, bütün bunlar qınanmalıdır. Amma biz buna heç bir halda mane ola bilmərik, çünki söhbət ikitərəfli münasibətlərdən gedir. Lakin biz bunu diqqətdə saxlamalıyıq. Daha çox hava hücumundan müdafiə sistemləri haqqında danışılır, yaxın gələcəkdə raket qurğularının verilməsi müzakirə edilir. 

Söhbət ikitərəfli Fransa-Ermənistan münasibətlərindən getsə də, bu, İrəvanı müəyyən revanşist addımlar atmağa həvəsləndirə bilər. Nəzərə alsaq ki, Ermənistanda hələ də Qarabağla bağlı əsassız fikirlər səsləndirilir, revanşist bəyanatlar verilir. Bu məsələdə yeganə ata biləcəyimiz addım ordumuzu gücləndirmək, lazım olan müasir silah-sursat almaq, Ermənistanın aldığı silahları zərərsizləşdirə bilən, lazım olduğu təqdirdə onları sıradan çıxara biləcək avadanlıqlar əldə etməkdir”.

Akqabay Mıradov