“Qarabağ”ın oyununun yeri DƏYİŞDİRİLDİ
    • 23-10-2023, 19:20
    • 201

“Qarabağ”ın oyununun yeri DƏYİŞDİRİLDİ

Misli Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib. 

News24.az Apasport.az-a istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciətində görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib. Naxçıvanlılar bunu qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması ilə əsaslandırıb.

“Araz-Naxçıvan”ın rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan"  - "Qarabağ" oyunu kimi keçiriləcək.

Qeyd edək ki, oktyabrın 30-da keçiriləcək matç saat 19:00-da başlayacaq.