-
- 25-10-2023, 11:41
- 366
Azərbaycanda ötən il öldürülən qadınların sayı AÇIQLANDI
Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ailədaxili münaqişə ilə bağlı 676 müraciət daxil olub.
News24.az xəbər verir ki, bu, Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, "Qadın Dəstək Xətti"nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub.
Məlumatda eyni zamanda Azərbaycanda məişət zorakılığından əziyyət çəkən şəxslərin də sayı açıqlanıb. Belə ki, 2022-ci hesabat ili ərzində qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadın olub. Zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə ölüb.
Bildirilib ki, 2022-ci ildə 15 qadının (1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığı, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılmış 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.
Qeyd olunub ki, 2022-ci il ərzində Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 864 müraciət daxil olub. Məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1 175 (2021-ci ildə 1 196), xəsarət alan qadınların sayı 1 132 (2021-ci ildə 1 150), ailə-məişət münaqişələri və qısqanclıq zəmnində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 (2021-ci ildə 46) olub (onlardan 2-i yetkinlik yaşına çatmayan şəxsdir). 2021-ci illə müqayisədə məişət zorakılığı zəmnindəki cinayətlərdə azalma müşahidə olunur.