Mənsum İbrahimov qardaşının qəzasından DANIŞDI - RTV VİDEO
    • 26-10-2023, 10:42
    • 958

Mənsum İbrahimov qardaşının qəzasından DANIŞDI - RTV VİDEO

Ötən gün Xalq artisti Mənsum İbrahimovun qardaşı, şəhid, kiçik çavuş İsrafil İbrahimovun ailəsi qəzaya düşüb. Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.

Mənsum İbrahimov RTV-yə açıqlamasında bildirib ki, ailənin durumu yaxşıdır, müalicələri davam edir: 

“Həyatı təhlükələri yoxdur, qardaşımın da, ailəsinin də durumu qənaətbəxşdir. Həkim nəzarətindədirlər. Bu gün şəhidimizin il dönümüdür. Onlar da bir gün əvvəl ildönümündə iştirak etməyə gedirdilər. Yolda qarşılarına maşın çıxıb, qardaşım da kənara çəkəndə idarəetməni itirib, avtomobil aşıb”.

Qeyd edək ki, şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Könül İbrahim