-
- 27-10-2023, 17:30
- 359
"Nicat Lənkəranski"yə atəş açdım, çünki... — Sirr pərdəsi aralanır / DETALLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az-ın məlumatına görə, prosesə zərərçəkmiş "Nicat Lənkəranski" də gəlib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə zamanı ona 10 min 623 manat ziyan dəyib. Zərərçəkmiş şəxs həmin ziyanın təqsirləndirilən şəxslərdən tutulmasını istəyib. T. Hüseynov bu barədə məhkəmədə mülki iddia qaldırıb.
İddia təmin edilib.
Prosesdə sərbəst ifadə verən Şahmar İsmayılov bildirib ki, o heç kimi öldürmək fikrində olmayıb: "Məqsədim Nicat Lənkəranskini qorxutmaq idi. Öldürmək istəsəydim dəfələrlə şans yaranmışdı. Amma öldürmək istəməmişəm. Nicat mənim kirvəmlə yaxın olub. Qohumum Elnur Qasımovun ölümündə Nicatın əli var. Mən də onu qorxutmaq üçün gülləni yerə atdım ki, gözünü bizim qohumlardan çəksin. Elnurun yerini Nicat göstərmişdi. Naxçıvanda yaşayırdım. Martın 6-da Bakıya gəldim ki Nicatı qorxudum.
Naxçıvandan aeroporta gəldim. Vüqar məni qarşıladı. Mən Elnur Qasımovun qardaşı Emin Qasımovla danışdım, dedim ki, mənə Bakıda maşın lazımdı. O da dedi ki, Ramalı yığ, həll eləsin. Ramalı yığdım, maşını mənə verib getdi. Sonra Vüqarla da sağollaşıb gəldim otelə.
Səhər Vüqarla idman zalına gəldim, maşının açarını təkərin üstünə qoydum ki, silahı maşına qoysunlar. Həmin vaxt mən Nicatın idman etdiyi zala gəlib giriş-çıxışları öyrəndim. Silahı götürüb gözlədim, gördüm Nicat gəlir, arxadan gəlib onu çağırdım. Nicat arxaya çönəndə 3 dəfə atəş açdım".
Təqsirləndirilən şəxs deyir ki, daha sonra maşına minib hadisə yerindən qaçıblar: "Hava limanına getdik ki, ölkədən qaçaq. Türkiyəyə bilet alanda yaxalandıq".
Proses dekabrın 6-da davam etdiriləcək.
İttihamda göstərilib ki, Nicat Lənkəranskinin qətlinin sifarişini xarici ölkədə yaşayan, kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımov verib.
Belə ki, təqsirləndirilən şəxs Şahmar İsmayılov Emin Naxçıvanski ilə telefon əlaqəsinə girərək Nicat Lənkəranskinin qətlini sifariş alıb. Emin Naxçıvanski ona söz verib ki, qətli törədəndən sonra onun İstanbula qaçmasına şərait yaradacaq və orada normal yaşayış şəraiti ilə təmin edəcək. Şahmar İsmayılov Ramal Qasımov və Vüqar Quliyevlə görüşərək plan barədə onlara məlumat verib. Daha sonra aralarında əldə edilən razılıq əsasında onlar Nicat Lənkəranskinin yaşadığı ünvanın qarşısına gələrək onun hərəkət traektoriyasını müəyyənləşdiriblər. Emin Qasımov qətlin sifarişi üçün Şahmara ilkin olaraq 950 manat göndərib. Şahmar İsmayılov qətli rörətmək üçün istintaqla müəyyən edilməyən şəxsdən odlu silah olan tapança əldə edib. Daha sonra onlar Nicat Lənkəranskini 6 gün izləyib.
Onlar Nicat Əkbərovu izləyərək Səməd Vurğun küçəsindəki "Vurğun Rezidens" kompleksinə gəlib. Burda dəstə üzvləri silahlanaraq özlərinə əlverişli mövqe seçib. Nicat Lənkəranski həmin binadan çıxaraq avtomobilinə yaxınlaşaraq dəstə üzvləri 10-15 metr məsafədən ona yaxınlaşaraq atəş açıblar. Nicat Lənkəranski güllədən yayınaraq hadisə yerindən uzaqlaşa bilib. Nəticədə ərazidə olan iki nəfər mülki şəxs yaralanıb.
Şahmar İsmayılov, Ramal Qasımov və Vüqar Quliyev qısa müddətdə hava limanına gələrək ölkəni tərk etmək istəyib. Emin Qasımov Şahmara dərhal Azərbaycandan qaçmaq üçün 2500 manat göndərib. Onlar ölkədən qaçmağa cəhd edərkən hava limanında yaxalanıb.
Samir Əli