Havadan, dənizdən, qurudan... - Şiddətli döyüşlər gedir
    • 28-10-2023, 10:29
    • 323

Havadan, dənizdən, qurudan... - Şiddətli döyüşlər gedir

Xəbər verdiyimiz kimi, ötən gün İsrail Müdafiə Qüvvələri quru əməliyyatlarını genişləndirərək Qəzza zolağına havadan, dənizdən və qurudan zərbələr endirib.

News24.az xəbər verir ki, gecə boyu İsrailin hava qüvvələri, donanması və artilleriya bölmələri Qəzzanın mərkəzi və şimal hissəsindəki hədəflərə zərbələr endirib. 

Oktyabrın 28-i səhər saatlarında Əl-Məğazi qaçqın düşərgəsinin şərq hissəsində (Qəzza zolağının mərkəzi hissəsi) şiddətli döyüşlər davam edib. Bu barədə HƏMAS-a yaxın mənbələr yazır. Qeyd olunur ki, bu gün səhər Qəzza zolağının şimalında Ər-Razan, Əl-Avda, Şeyx Zayed və Beyt Lahia bölgələrinə hücum edilib.

Eyni zamanda, İsrail ordusunun mətbuat xidməti bildirir ki, oktyabrın 28-nə keçən gecə ölkənin silahlı qüvvələrinə məxsus qırıcı təyyarələr HƏMAS Hərbi Hava Qüvvələrinin komandanı Asem Əbu Rəqabı məhv edib. 

“İsrail Müdafiə Qüvvələri (İDF) və İsrail Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsasən, İDF qırıcıları gecə ərzində HƏMAS Hərbi Hava Qüvvələrinin rəisi Assem Əbu Rəqabı vurub. O, oktyabrın 7-də Qəzza zolağı ətrafında icmaların qırğınlarının planlaşdırılmasında iştirak edib. O, İsrail ərazisinə sızan terrorçulara rəhbərlik edib və İDF-nin mövqelərinə pilotsuz təyyarələrin hücumuna cavabdeh olub”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti həmçinin bildirib ki, gecə ərzində İDF qırıcıları Qəzza zolağının şimalında yeraltı qərargah və hərbi infrastruktur daxil olmaqla 150 yeraltı hədəfə zərbələr endirib.

Livan “Hizbullahı” isə öz növbəsində onun yaraqlıları ilə İsrail hərbçiləri arasında şiddətli toqquşmaların baş verdiyini bildirib.

Akqabay