Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa ÇATDI
    • 31-10-2023, 09:52
    • 225

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa ÇATDI

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.

News24.az xəbər verir ki, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı Sərəncamın icrası təmin edilib.

Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edib.

Qeyd edək ki, Sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılıblar.