"Bu, əslində Ermənistana bir zərbədir..." - Elxan Şahinoğlu
    • 1-11-2023, 13:01
    • 179

"Bu, əslində Ermənistana bir zərbədir..." - Elxan Şahinoğlu

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu  bəndindən imtina edib.

10 noyabr üçtərəfli razılaşmanın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Paşinyanın belə bir addım atması Rusiyanı regiondan uzaqılaşdırmaqla, bölgəyə kənar aktorları cəlb etmək məqsədi daşıyır?

Bu kontekstdə onun anti-Rusiya siyasətində atdığı addımlara qarşı rəsmi Kremlin cavabı nə olacaq?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu News24.az-ın suallarını cavablandırdı.

Politoloq hesab edir ki, hazırki situasiyada Zəngəzur dəhlizinin açılması çətin görünür.

“Azərbaycan son 3 ildə dəhlizlə bağlı açıqlamalar verərək vacibliyini vurğuladı. Nikol Paşinyan isə sadəcə məsələni uzatmaqla məşğul oldu və heç bir tikinti işləri aparmadı. Halbuki Azərbaycan öz üzərinə düşən işləri icra etdi. Sonda dövlət rəsmilərimiz tərəfindən sözügedən dəhlizin bizim üçün əhəmiyyət daşımadığı bildirildi. Artıq İranla niyyət protokulu imnzalandı və marşrut oradan keçəcək. Bu, əslində Ermənistana bir zərbədir. Çünki Ermənistan bir nəqliyyat dəhlizindən, gəlirdən və regional əməkdaşlıqdan məhrum olacaq. Nikol yeni şərtlər irəli sürməyə çalışır, amma anlayır ki, Zəngəzur dəhlizinin reallaşması problematikdir”.

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanın alternativi var. Bakı-Tiblisi-Qars dəmiryolu işlək vəziyyətindədir və yükdaşımalar artır: 

“İndi isə ikinci marşrut üzrə İranla bu prosesləri sürətləndirəcəyik. Baxmayaraq ki, İranla ikili münasibətlərdə müəyyən suallar hələ də qalmaqdadır”.

- Göründüyü kimi, Paşinyan Zəngəzur dəhlizinə qarşı mövqeyini davam etdirir, amma Türkiyə də bu dəhlizin açılmasının labüd olduğunu bəyan etdi, hətta prezident Ərdoğan Naxçıvan səfərindən sonra Ermənistanın razılıq vermədiyi təqdirdə, İran marşrutundan istifadənin mümkünlüyünü açıqladı. 

“Məsələ İranla həll olunacaq. Belə olduğu halda arrtıq Zəngəzur dəhlizinə ehtiyac qalmayacaq. Amma nə vaxtsa, bu mövzuya qayıtsalar dəhlizin reallaşması da mümkündür. Paşinyanın mövqeyi belədir ki, sözügedən dəhlizdə erməni gömrükçüləri, Azərbaycan tərəfində isə Azərbaycan sərhədçiləri olmalıdır. O, Rusiya qüvvələrini bölgəyə buraxmaq istəmir . Ümumiyyətlə Paşinyan Rusiyanın hərbi bazasını da ölkədən çıxarmağa çalışır. Bu da Ermənistan-Rusiya arasında gərginliyi gələcək aylarda və illərdə daha da artıracaq”, - deyə o, fikrini yekunlaşdırdı.

Ayşən Rəhim