-
- 1-11-2023, 17:53
- 226
Rusiya Ermənistanı ağır vəziyyətə sala bilər - Politoloq
Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından imtina edib. Sözügedən bənddə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən - “nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarına verilməsi”ndən söhbət gedir.
Paşinyan bildirib ki, “Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq”. Yəni Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən imtina edəcək.
Mövzu ilə bağlı News24.az-a danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, əslində, Nikol Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndindən çoxdan imtina edib:
“Məlumdur ki, kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiya yaradıldı. Bu komissiyanın işə başlamasından dərhal sonra - 2021-ci ilin noyabr ayında Ermənistana səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da bəyan etdi ki, kommunikasiyalar dövlətlərin suverenliyini gözləmək şərtilə açıla bilər. Yəni açılacaq kommunikasiya həmin dövlətin nəzarətində olmalıdır. Baxmayaraq ki, 10 noyabr bəyanatında açıq şəkildə qeyd edilib ki, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizi Rusiya sərhəd xidmətinin nəzarətində olmalıdır. Sonrakı dövrdə Avropa İttifaqı da bunu dəstəklədi, Rusiya da açıq şəkildə təkid etmədi. Ancaq görünür, qapalı danışıqlarda buna dəfələrlə etirazını bildirib. İndi də Nikol Paşinyan elan edir ki, xüsusi patrul xidməti yaradılır və bu xidmət kommunikasiyalara nəzarət edəcək”.
Ekspert qeyd edib ki, hansısa xarici dövlətin kontingentinin Ermənistana yeridilməsi mümkün deyil. Çünki Rusiyanın 102-ci hərbi bazası ilə bağlı imzalanmış müqavilənin tələblərinə görə, Ermənistana hərbi qüvvə yeridilməsinə Rusiya bazası razılıq verməlidir:
“Əgər razılıq vermirsə, hərbi kontingent gələ bilməz. Buna görə də Paşinyan daha çox mülki missiyaları gətirməyə çalışır. Bu da Rusiyanın çox ciddi narazılığına səbəb olur. Rusiya hələ bununla bağlı konkret addımlar atmağa başlamayıb. Ancaq Moskvanın İrəvana qarşı edəcəyi çoxlu təzyiq imkanları var. Birincisi, Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyanın nəzarətindədir. Bura həm dəmir yolu, həm Razdan su elektrik stansiyası, həm də müəyyən hərbi müəssisələr daxildir. Rusiya Ermənistana qazı ucuz qiymətə satır. Qazın qiymətinin qaldırılması Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir. Ötən il Rusiyadan Ermənistana 3.6 milyard dollar pul daxil olub. Gözlənilir ki, bu il bu rəqəm 4 milyardı keçəcək. Bu, Ermənistanda insanların qazandığı məbləğdən xeyli çoxdur. Rusiyada işləyənlərin ən azı bir hissəsinin geri göndərilməsi və Ermənistana pul vəsaitinin köçürülməsinə maneçilik törədilməsi, Ermənistan üçün çox ciddi problemlər yarada bilər”.
A. Səmədov hesab edir ki, Rusiya iki ölkənin əlaqəsini təmin edən Yuxarı Lars keçid məntəqəsini bağlamaqla, Ermənistanı ağır vəziyyətə sala bilər: “Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin təxminən 35 faizi Rusiyanın payına düşür. Bu, çox ciddi rəqəmdir. Ona görə də Ermənistan Rusiyaya qarşı bu cür addımlar atan zaman bunun hansı nəticələr verəcəyini də düşünməlidir. Ancaq hadisələr göstərir ki, onlar problem yaranandan sonra düşünməyə başlayırlar. Bu da Paşinyanın bir siyasətçi kimi nə qədər zəif və hazırlıqsız olduğunu göstərir. Baxmayaraq ki, o, Ermənistanın ən ağıllı siyasətçisidir”.
Akqabay Mıradov