“Kişi xanımına deyəndən sonra başqa qadınla...” - İlahiyyatçıdan maraqlı açıqlama
    • 2-11-2023, 18:54
    • 360

“Kişi xanımına deyəndən sonra başqa qadınla...” - İlahiyyatçıdan maraqlı açıqlama

“Kişi xanımına deyəndən sonra başqa qadınla dini nikah bağlaya bilər”.

News24.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib. 

O bildirib ki, bu məsələdə hər iki tərəf bir-birinə ədalətli yanaşmalıdır:

“Dində nikaha daxil olan kişi və qadının bir-birinə qarşı hər mənada ədalətli davranmasını tələb edilir. Elə bu səbəbdən, kəbin bağlanarkən oxunan sözlərdə “əs-sədaq” kəlməsi də ciddi sədaqət mənasında işlənir və məsuliyyətdən irəli gəlir. 

İki və yaxud çox arvadlılıq məsələsinə isə dində fərqli yanaşma mövcuddur. Hüquqi cəhətdən bu hal doğru hesab olunmasa da, dində 2,3,4 hətta daha çox xanımı olan kişilər normal qəbul edilir. Hətta deyilənə görə, Allah Rəsulunun 9 xanımı olub. Şərq kişisinin çoxarvadlı olması da dinlə bağlıdır. Lakin burada bəzi nüanslara diqqət yetirmək lazımdır. 

Əgər kişi ikinci bir xanımla kəbin bağlamaq istəyirsə, burada mütləq birinci həyat yoldaşının xəbəri olmalıdır. Kişi xanımına bunu izah etməlidir. Xanımının razılığını alan kişi ikinci dəfə dini nigah bağlaya bilər və bu heç bir halda günah sayılmır. Doğrudur, azərbaycanlı xanımlar qısqanc olduqları üçün bu məsələyə müsbət yanaşmırlar. Ancaq hər bir halda kişi başqa xanımla dini nikaha daxil olmaq istəyirsə buna izah verməlidir. Sözügedən proses gizli olduğu zaman kişi günaha girmiş sayılır". 

Hacı Təyyar bildirib ki, dini nikah daimi əqd və az məsuliyyətli əqd olaraq iki cürdür. Daimi əqd kişinin həqiqi həyat yoldaşı ilə kəsdiyi kəbindir: "Əgər kişi daimi əqdlə hər hansı bir qadına nikah qıyıbsa, ikinci dəfə ailə qurduğu təqdirdə bunu ilk xanımına bildirməsi zəruridir. 

İkinci növ isə az məsuliyyətli, yaxud müddətli əqddir. Əslində bu növü çox zaman başqa yerlərə gətirib-çıxarırlar. Çoxları bunu siğə ilə səhv salır. Ancaq bu olduqca yalnışdır”. 

Qeyd edək ki, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının rəsmi nikahda olduğu həyat yoldaşı, türkiyəli müğənni Doğuşun ölkəsində Esra adlı xanımla dini nikahda olduğuna diar iddialar ortaya çıxandan sonra bu mövzu yenidən aktuallaşıb.