-
- 3-11-2023, 18:15
- 179
Ombudsman qanun layihəsinin müzakirəsində iştirak etdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində iştirak edib.
News24.az xəbər verir ki, çıxışı zamanı Müvəkkil torpaqlarımızın işğaldan azad edilməsindən sonra keçmiş məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpası məqsədilə dövlət əhəmiyyətli sosial və iqtisadi tədbirlərin həyata keçirildiyini, həmin tədbirlərin əhalinin rifah halının daha da yüksəldilməsinə yönəldiyini bildirib.
Ombudsman ona ünvanlanmış vətəndaş müraciətlərində önə çıxan bir sıra iqtisadi və sosial problemlərə diqqəti yönəldərək, əhalinin ümumi sağlamlığının təmini məqsədilə bütün tibbi xidmətlərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini, əmək pensiyasının minimum məbləğinin artırılmasını və üç yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsini təklif edib.
S.Əliyeva əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin miqdarının artırılmasına, bir sıra xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza verilən ödənişsiz dərmanların keyfiyyətinin artırılması və siyahısının genişləndirilməsinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətin artırılmasına, körpələrin ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkilinə, dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasına ehtiyacın olduğunu qeyd edib.
Ombudsman Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərin davam etdirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasını, sosial infrastruktur obyektlərinin və ictimai nəqliyyat vasitələrinin əlilliyi olan şəxslərə ağlabatan şəkildə uyğunlaşdırılmasını, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ərzaq və mənzil kirayəsi üçün pul kompensasiyalarının məbləğlərinin artırılmasını təklif edib.
Müvəkkil, həmçinin məhkəmə qərarlarının icrası ilə əlaqədar dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan məbləğin dövlət büdcəsi hesabına təmin edilməsi məqsədilə maliyyə vəsaitinin nəzərdə tutulmasına ehtiyac olduğunu bildirib.
S.Əliyeva Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi məqsədilə Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsinin və Biznes və insan hüquqları sektorunun yaradılması kimi bir sıra struktur dəyişikliklərinin edilməsinə, təsisatın maddi bazasının müasirləşdirilməsinə maliyyə dəstəyinin verilməsinin əhəmiyyətini vurğulayıb.
Eləcə də ölkəmizdə insan hüquqları sahəsində islahatların, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə xarici ölkələrdə təşkil edilmiş beynəlxalq tədbirlərdə iştirak üçün ezamiyyə xərclərinə maliyyə təminatının artırılmasının, bu məqsədlə müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.