-
- 4-11-2023, 16:47
- 265
Bakı sakini qanunsuz saxladığı avtomatı polisə təhvil verib
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
DİN-dən News24.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən, həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Araşdırmalar davam etdirilir.