-
- 7-11-2023, 10:25
- 834
Ermənilər Azərbaycana belə qayıdacaq - Şərtlər açıqlandı
Qarabağdan könüllü şəkildə getmiş ermənilərə Ermənistan pasportunun paylanılmasına başlanılıb. Fakt odur ki, bu şəxslər Ermənistanda da qalmaq istəmir. Sadəcə olaraq onlar Ermənistan pasportundan istifadə edərək Rusiyaya və digər ölkələrə gedəcək. Azərbaycana gəlmək istəyənlər isə rahat şəkildə vətəndaşlığı qəbul edib, pasport alacaq.
News24.az xəbər verir ki, bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O qeyd edib ki, bu gün Qarabağdan könüllü şəkildə getmiş ermənilərlə bağlı qaldırılan məsələlərin əsası yoxdur:
“Fransa erməni lobbisinin revanşist iddialarına əsaslanaraq Ermənistanı silah-sursatla təmin edir. Onlar yenidən bölgədə müharibənin başlamasında maraqlıdır. Məqsəd bölgəyə hansısa konnektura əsasında daxil olmaqdır. Fransa məhz bu kontekstdə Avropa Birliyi ölkələrini şantaj edərək Azərbaycana qarşı isterik hərəkətlərə qoşulmağa çalışır”.
Partiya sədri hesab edir ki, belə hallar erməni icmasının mövcud olduğu ölkələrin siyasətə təsirinin nəticəsi olaraq ortaya çıxır:
“Məhz bu ölkələrdə siyasi korrupsiyadan istifadə edərək Azərbaycana qarşı kampaniya aparılır. Hazırda da ölkəmizə qarşı yalan və iftira kampaniyasını davam etdirilir. Xaricdə yaşayan ermənilər Qarabağda, Ermənistanda yaşayan ermənilərdən qurban kimi istifadə edərək, özləri üçün maliyyə toplamaq niyyətindədir. Onların istəyi ermənilərin faciələri ilə bağlıdır”.
Asim Mollazadəyə görə, indiki halda Azərbaycanla sülh razılaşmasından danışan Nikol Paşinyanın mövqeyi ilə prosesləri şərh etmək mümkün deyil:
“Onun bir-birini təkzib edən bəyanatları reallığa əsaslanmır. Azərbaycan Ermənistanı ərazi iddialarına soy qoyaraq sülh sazişi imzalamağa çağırır. Ermənistan isə bütün vasitələrlə prosesi uzatmaq istəyir”.